Birinci Divizionda 8 il 1 gün sonra qadın hakim

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 29-cu turunun “Qarabağ-2” – “Turan Tovuz-2” oyunu bir ilklə əlamətdar olub. Arena.az xəbər verir ki, mövsümdə ilk dəfə oyunun baş hakimi qadın referi olub.

Binə qəsəbə stadionunda baş tutan “Qarabağ”la “Turan Tovuz”un əvəzediciləri arasındakı matçı Fəridə Lütfəliyeva idarə edib. Bu qarşılaşmada qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.

Lütfəliyeva matç ərzində cəmi 1 sarı vərəqə ilə kifayətlənib. Xanım baş hakimin köməkçiləri digər zərif cins nümayəndələri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə olublar.

Azərbaycan çempionatının Birinci Divizionunda qadın baş hakim son 8 mövsümdə ilk dəfə meydana çıxıb. Sonuncu belə hadisə 2014/15 mövsümündə yaşanıb. 8 il 1 gün öncə – 2015-ci il mayın 15-də “Ağsu” – “Göyəzən” matçında (4:0) ədaləti Venera Kahriç qoruyub. Ağsu şəhər stadionundakı oyunda onun başçılıq etdiyi briqadada 2 xanım hakim də yer alıb. Baş hakimin köməkçilərindən biri Maya Nəbiyeva olub. Dördüncü hakim funksiyasını isə məhz Fəridə Lütfəliyeva yerinə yetirmişdi. O, 8 il 1 gündən, yəni 2923 gündən sonra meydana yeni “amplua”da – bu dəfə baş hakim kimi çıxıb.