Premyer Liqa təmsilçisi “Sabah”ın Bosniya və Herseqovinadan olan sol cinah müdafiəçisi Boyan Letiç Azərbaycan klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Sabah” Letiçə klub üçün göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Boyan Letiç 2022-ci ilin fevral ayından “Sabah”ın üzvü idi. O, bu komandanın heyətində ümumilikdə 125 oyun keçirib. Letiç “Sabah”ın tarixində önəmli rol oynamış futbolçulardandır. 33 yaşlı müdafiəçi komandanın tarixi ərzində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də “Sabah”ın avrokuboklarda ilk qolunun müəllifidir. Letiç “Sabah”ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.
Letiç “Sabah”ın heyətində keçirdiyi 125 oyunda 7 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub.
Letiç karyerası ərzində “Jilina”, “Veles Mostar”, “Mirandes”, “Sarayevo”, “Kozara Qradiska”, “Radniçki Nis”, “Karvina” kimi klublarda da çıxış edib. O, 2013-cü ilin avqust ayında debüt etdiyi Bosniya və Herseqovina yığmasında 6 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


