Brennan Conson 55 milyon avroya “Tottenhem”də

Futbol üzrə Uels millisinin və “Nottingem Forest”in hücumameyilli yarımmüdafiəçisi Brennan Conson “Tottenhem”ə keçib.

Arena.az xəbər verir ki, London klubu bu transfer üçün 55 milyon avro xərcə düşüb. 22 yaşlı futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.

Brennan Conson “Nottingem Forest”in yetirməsidir. O, peşəkar karyerasına da bu komandada başlayıb və 109 oyuna 29 qol, 12 məhsuldar ötürmə müəllifi olub. Gənc futbolçu bir mövsüm “Linkoln Siti”də icarədə də forma geyinib. O, Uels yığmasında da 19 oyun keçirib, 2 qola imza atıb.

“Tottenhem” altı futbolçusu ilə də yollarını ayırıb. London klubunun gənc dayaq yarımmüdafiəçisi Harvi Uayt “Steveneyc”ə keçib. 21 yaşlı ingilis futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb. “Tottenhem”də əsas heyətə düşməkdə çətinlik çəkən yarımmüdafiəçi “Portsmut” və “Derbi Kaunti”də icarədə də olub.

Digər futbolçular isə icarəyə veriliblər. Belə ki, mərkəz müdafiəçisi Jafet Tanqanqa Almaniyanın “Auqsburq” klubuna keçib. “Tottenhem”in yetirməsi olan, bu klubun əsas komandasında 50 oyun keçirmiş 24 yaşlı ingilis futbolçu Bundesliqa təmsilçisi tərəfindən satınalma şərti ilə icarəyə götürülüb.

Sağ cinah müdafiəçisi Ced Spens də “Lids”ə icarəyə verilib. 23 yaşlı ingilis də mövsümün sonuna kimi icarədə olacaq. O, daha öncə “Midlsbro”, “Nottingem Forest” və “Renn”də də oynayıb, “Tottenhem”də isə cəmi 6 matça çıxıb.

“Tottenhem”in 19 yaşlı hücumameyilli yarımmüdafiəçisi Alfi Devayn “Port Veyl”ə, İrlandiyadan olan 21 yaşlı mərkəz hücumçusu Troy Parrott “Ekselsior”a, 19 yaşlı hücumçusu Deyn Skarlett isə “İpsviç”ə keçib. Onlar da mövsümün sonuna kimi icarədə olacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: