Cəbəllüttariqdə “Qarabağ” üçün əlamətdar olan qələbə

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Linkoln” üzərindəki səfər qələbəsi Azərbaycan çempionu “Qarabağ” üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Ağdam klubunun Cəbəllüttariq çempionuna qarşı keçirdiyi bu oyunla Azərbaycan təmsilçilər üçün 28-ci avrokubok mövsümü başladı.

Ağdam təmsilçisi isə bu görüşlə tarixində 20-ci avrokubok mövsümünə start verdi.

“Linkoln” üzərində qazanılmış 2:1 hesablı qələbə futbol klublarımızın qitə turnirlərində ümumilikdə 125-ci qalibiyyəti kimi tarixə düşdü.

Cəbəllüttariqdəki oyunun 90+4-cü dəqiqəsində Yassin Benzyanın vurduğu qol futbolçularımızın UEFA Çempionlar Liqasında ümumilikdə 100-cü qolu kimi tarixə düşdü. Əlcəzairli legioner həmçinin Ağdam klubunun Çempionlar Liqasında 60-cı qolunun müəllifi oldu. O, özü isə Azərbaycan çempionunun heyətindəki ilk qoluna imza atdı.

“Linkoln”u məğlub etməklə “Qarabağ” UEFA Çempionlar Liqasında 20-ci qələbəsini qazandı.

Cəbəllüttariq klublarımızın qitə turnirlərində üz-üzə gəldiyi 50-ci ölkə oldu. Ağdam klubu isə avrokuboklarda 39 ölkənin təmsilçiləri ilə qarşılaşıb.

Sonda onu da xatırladaq ki, bu komandaların cavab oyunları iyulun 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Həmin matça saat 20:00-da start veriləcək.

Azərbaycanı avrokuboklarda təmsil edəcək digər klublar – “Qəbələ”, “Neftçi” və “Sabah” isə Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar. Onların ilk oyunları iyulun 27-də, cavab matçları isə avqustun 3-də baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: