Canni De Byazi: “Gənc, gələcəyi olan komanda ilə vidalaşdım”

Bu gün futbol üzrə Azərbaycan millisinin baş məşqçi postundan ayrılan Canni De Byazi İtaliya mətbuatına açıqlama verib.

Arena.az xəbər verir ki, 67 yaşlı mütəxəssis “Tuttomercato” nəşrinə müsahibəsində nəticə baxımından qeyri-adi işlərlə maksimuma çatdıqlarını bildirib:

“Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var. Bu komanda ilə getməli olduğum yolu getdim. Burada dayanmağa qərar verdim. Kifayət qədər gənc, gələcəyi ola biləcək komanda ilə vidalaşıram. Azərbaycan millisi FIFA reytinqində 120-ci yerdə olan komandadır. Amma istənilən halda İsveç kimi yüksək reytinqli yığmanı 3:0 hesabı ilə məğlub etməyi bacardıq. Ardınca Belçika yığmasına 0:5 hesabı ilə uduzsaq da, komandanın meydanda necə mübarizə apara bildiyini göstərdik. Elə Avstriya yığmasına qarşı görüşdə də”.

Gələcək planlarından da söz açan De Byazi işləməyə davam etmək istədiyini söyləyib: “Müqəddəs atəş hələ sönməyib. Hazırda Milad bayramının keçməsini gözləyirik. 2024-cü ildə təklif olsa, onları gözdən keçirməyə və dəyərləndirməyə hazıram”.

Xatırladaq ki, Canni De Byazi 2020-ci ilin 30 iyunundan Azərbaycan milli komandasına rəhbərlik edirdi. Yığmamız onun rəhbərliyi altında 39 oyun keçirib. Komanda bu oyunlarda 10 qələbə qazanıb, 8 heç-heçə edib və 21 məğlubiyyətə üzülüb. AFFA rəhbərliyi sonuncu dəfə 2022-ci ilin oktyabr ayında onunla bir illik yeni müqavilə bağlamışdı. Müqaviləyə əsasən, De Byazi AÇ-2024-ün seçmə mərhələsinin sonuna – 2023-cü ilin 30 noyabrına qədər yığmamıza rəhbərlik etməliydi.

Xəbəri sosial şəbəkələrdə paylaş: