“Çelsi” “zadəganlar”ın argentinalı yarımmüddafiəçisi Entso Fernandesin fransalı futbolçulara qarşı irqi təhqirinə dair təhqiqata başlayıb.
Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.
Söhbət Argentina yığmasının Amerika Kubokunda qalibiyyətindən sonra komandanın avtobusunda zəfər şənliyi zamanı Fernandesin açdığı canlı yayımda, argentinalı futbolçuların fransız futbolçuların ünvanı oxuduğu irqi zəmində təhqirlə müşayiət edilən nəğmədən və “qəhrəman”ın bu məclisdə həvsələ iştirakından gedir.
“Çelsi” rəhbərliyi yeddi fransalı futbolçunun çıxış etdiyi komandasında bu hadisə ilə bağlı yaranmış vəziyyətdən narahatdır. Vurğulanır ki, “zadəganlar” Fernandes haqda bir ölçü götürəcəklər. Artıq klubdaxili təhqiqat dəstəsi də təşkil edilib.
“Çelsi”nin fransalı futbolçuları isə Entso Fernandesin sosial şəbəkə hesablarında abunəliyə xitam veriblər. Bu siyahıda Vesle Fofana, Aksel Disasi və Malo Qyustonun olduğu dəqiqdir.
“Qəhrəmanımız” özü isə elədiyi qələtdən sonra ictimaiyyət qarşısında üzr istəyib:
“Milli komandanın zəfər bayramı zamanı sosial şəbəkələrimdə yayımlanmış videoya görə səmimi qəlbdən üzr istəyirəm. Nəğmədə son dərəcə təhqiredici məzmun var və bu sözlərə heç bir bəraət yoxdur. Mən bütün təzahürlərdə irqçiliyə qarşıyam və etdiklərimə görə üzr istəyirəm. Bu, Amerika Kubokunu qazanmağın başgicəlləndirici təsiri altında baş verdi. Bu video, bu məqam, bu sözlər mənim inancımı, xasiyyətimi əks etdirmir. Mən, həqiqətən, üzr istəyirəm,” – Fernandes sosial şəbəkə hesablarının biri üzərindən paylaşıb.
Hazırda məsələ FIFA-da baxışdadır. Fransa Futbol Federasiyası (FFF) Argentina Futbol Assosiasiya (AFA) etiraz məktubu ünvanlayıb, FIFA-ya isə bu biabırçılığa baxılması üçün şikayət ərizəsi təqdim edib.


