Cenk Tosun “Everton”la vidalaşdı

Türkiyə millisinin hücumçusu Cenk Tosun İngiltərənin “Everton” klubu ilə vidalaşıb. Arena.az xəbər verir ki, o, 4.5 mövsümlük “Everton” karyerasını başa vurduğunu sosial şəbəkə hesabında paylaşıb. O, müqaviləsinin müddəti bitdiyi üçün azad agent statusu alıb.

Xatırladaq ki, Cenk Tosun 2018-ci ilin yanvarında “Beşiktaş”a rekord transfer məbləği – 28 milyon avro qazandıraraq İngiltərə klubuna keçmişdi.

O, 4.5 mövsümlük “Everton” karyerasında cəmi 61 matça çıxıb, 11 qol vurub. 30 yaşlı hücumçu 2019/20 mövsümünün qış fasiləsində “Kristal Pelas”a, ötən mövsümün qış fasiləsində isə “Beşiktaş”a icarəyə verilmişdi.

Cenk Almaniyanın “Ayntraxt” klubunun yetirməsidir. O, 2011-ci ildə “Qaziantepspor” tərəfindən Türkiyəyə gətirilib. 2014-cü ildə hücumçu “Beşiktaş”la müqavilə bağlayıb və məhz bu komandadakı çıxışı sayəsində parlayıb. Türkiyə millisində də 45 oyun keçirmiş futbolçu, 18 qola imza atıb.

Sonda Cenk Tosunun “Everton”a vida paylaşımını olduğu kimi diqqətinizə çatdırırıq: “Burada hayatım boyunca unutamayacağım dört buçuk yıl geçirdim. İnişlerimiz ve çıkışlarımız oldu bu sürede ve artık vedalaşma zamanı geldi. Beraber çalıştığım hocalarıma, takım arkadaşlarıma, personelimize, yönetimimize, başkanımıza ve tabii ki desteklerini hiç esirgemeyen taraftarımıza teşekkürü bir borç bilirim. Bu ailenin bir parçası olmaktan gurur duydum ve hayatım boyunca da duymaya devam edeceğim. Everton’ın her zaman kalbimde bir yeri olacak. Bu kulüp inanıyorum ki en kısa sürede potansiyeline ulaşıp çok güzel günler görecek ve ben de o gün geldiğinde bir taraftar olarak sizlerle birlikte bu mutluluğu paylaşacağım”.