Futbol üzrə Türkiyə millisinin hücumçusu Cenk Tosun yenidən “Beşiktaş”a qayıdıb. Arena.az xəbər verir ki, bir neçə gün öncə İngiltərənin “Everton” klubundan ayrılan 31 yaşlı futbolçu bu gün İstanbul təmsilçisi ilə müqavilə bağlayıb.
Bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yayıb. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar. Azad agent statusuna malik futbolçu üçün heç bir transfer məbləği ödənilməyib.
Xatırladaq ki, Cenk Tosun “Everton”a 2018-ci ilin yanvarında məhz “Beşiktaş”dan transfer olunmuşdu. Həmin vaxt o, bu kluba rekord transfer məbləği – 28 milyon avro qazandıraraq ayrılmışdı. Türkiyəli futbolçu 4.5 mövsümlük “Everton” karyerasında cəmi 61 matça çıxıb, 11 qol vurub. 31 yaşlı hücumçu 2019/20 mövsümünün qış fasiləsində “Kristal Pelas”a, ötən mövsümün qış fasiləsində isə “Beşiktaş”a icarəyə verilmişdi. Həmin vaxt zədə səbəbindən “qara qartallar”a kömək edə bilməyən futbolçu yenidən İngiltərə klubund qayıtmışdı. Geridə qalan mövsümdə isə o, “Everton”da cəmi 2 oyuna çıxıb.
Cenk Almaniyanın “Ayntraxt” klubunun yetirməsidir. O, 2011-ci ildə “Qaziantepspor” tərəfindən Türkiyəyə gətirilib. 2014-cü ildə hücumçu “Beşiktaş”la müqavilə bağlayıb və məhz bu komandadakı çıxışı sayəsində parlayıb. Cenk İstanbul təmsilçisi ilə üç dəfə Super Liqanın (2015/16, 2016/17, 2020/21) və bir dəfə Türkiyə Kubokunun (2020/21) qalibi olub.
Türkiyə millisində də 45 oyun keçirmiş futbolçu, 18 qola imza atıb.
“Beşiktaş” Cenk Tosundan öncə Romen Saissi transfer etdiyini açıqlamışdı.


