İspaniyanın qadınlardan ibarət yığmasının futbolçusu Cennifer Ermoso ötən il başına gəlmiş “Rubiales öpüşü” qalmaqalını xatırlayıb.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, Cenni İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubialeslə qalmaqalın ona necə təsir etdiyini danışıb.
Xatırladaq ki, İspaniya yığması qadınlar arasında 2023-cü il dünya çempionatının qalibi olub. Komanda oyunçularına qızıl medalların təqdim edilməsi zamanı Luis Rubiales Cenni Ermosonun dodaqlarından öpmüş və bu məsələ böyük qalmaqala səbəb olmuşdu:
“Mən öz nöqteyi-nəzərimi bildirmişdim. Mən bunu heç vaxt başa düşə bilməyəcəyəm, bu, o zaman məni incitdi və hələ də incidir. Bu vəziyyət içimdə çox şeyi dəyişdi, məni daha güclü qız etdi. Mən çox şey öyrəndim ki, bu, gələcəkdə mənim başıma gəlməsin”, deyə Cennifer Ermoso bildirib.
Vurğulayaq ki, bu əməli Rubialesə baha oturmuşdu. Rubiales RFEF prezidenti vəzifəsindən istefa vermək məcburiyyətində qalmış, FIFA isə Rubialesin 3 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılmasına qərar vermişdi.


