Cerdan Şakiri İsveçrə millisi ilə vidalaşdı

MLS təmsilçisi “Çikaqo Fayr”da çıxış edən hücumameyilli yarıımüdafiəçi Cerdan Şakiri İsveçrə millisindəki karyerasını başa vurub.

Arena.az xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkə hesabında bildirib.

O, vida paylaşımında bunları qeyd edib: “Yeddi turnir, çoxlu qollar, İsveçrə milli komandası ilə 14 il və unudulmaz anlar. İndi milli ilə vidalaşmağın vaxtıdır. Gözəl xatirələr qalıb və hamınıza deyirəm: Təşəkkürlər”.

Xatırladaq ki, İsveçrənin U-17, U-18, U-19 və U-21 yığmalarında da oynamış Şakiri əsas millidə 2010-cu ilin mart ayında debüt etmişdi. O, bu müddət ərzində İsveçrə milli komandasının heyətində 125 oyuna çıxıb, 32 qol vurub, 34 məhsuldar ötürmə müəllifi olub.

Cerdan Şakiri 2022-ci ilin fevral ayından Amerika Birləşmiş Ştatlarının “Çikaqo Fayr” klubunda forma geyinir. MLS təmsilçisi həmin vaxt onu Fransanın “Olimpik” (Lion) klubundan 7 milyon avroya transfer etmişdi. Təcrübəli oyunçunun ABŞ klubu ilə 2024-cü ilin sonunadək müqaviləsi var. O, bu komandanın heyətində 75 oyuna çıxıb, 16 qol vurub, 13 məhsuldar ötürmə verib.

Şakiri daha öncə “Bazel”, “Bayern”, “İnter”, “Stok Siti” və “Liverpul” klublarında da forma geyinib.

“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: