Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşanın Krakov şəhərində təşkil olunmuş 3-cü Avropa Oyunlarında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, komandamız 5-8-ci yerlər uğrundakı ilk oyununda Ukrayna seçməsi ilə qarşılaşıb.
Yığmamız bu oyunda 7:6 hesablı qələbəyə sevinib. Azərbaycan millisinin heyətində Amid Nəzərov (1, 34 və 37-ci dəqiqələrdə) het-trikə, Elşad Manafov (26 və 36-cı dəqiqələrdə) dubla imza atıb. İsa Zeynallı (28-ci dəqiqə) və Orxan Məmmədov (32) isə hərəyə bir qol vurublar.
Millimiz bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb:
Azərbaycan: 1. Vaqif Şirinbəyov, 7. Amid Nəzərov, 11. Orxan Məmmədov, 13. Comərd Baxşəliyev, 17. Sabir Allahquliyev.
Ehtiyat oyunçular: 22. Elçin Qasımov, 4. Elşad Manafov, 6. İsa Zeynallı, 9. Fuad Hüseynov, 10. Ramil Əliyev, 14. Kamran Qürbətov, 19. Hüseyn Axundov.
Baş məşqçi: Zeynal Zeynalov.
Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsindəki bütün oyunlarını məğlubiyyətlə başa vurmuşdu. Komandamız ilk matçını meydan sahibi Polşaya qarşı keçirmiş və 2:7 hesabıyla məğlub olmuşdu. Qrupdakı ikinci matçını Portuqaliya yığmasına qarşı keçirən yığmamız bu rəqibinə də 2:5 hesabıyla uduzmuşdu. İspaniyaya qarşı baş tutan qrupdakı son oyunda isə 1:7 hesablı məğlubiyyət qeydə alınmışdı. Bu üzdən də komandamız 5-8-ci yerlər uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb.
Azərbaycan yığması iyulun 1-də Moldova ilə 5-ci yer uğrunda matça çıxacaq. Qalib gələn tərəf Avropa oyunlarını 5-ci, məğlub olan isə 6-cı yerdə bitirəcək.
A qrupu
27 iyun
Azərbaycan – Polşa 2:7
28 iyun
Portuqaliya – Azərbaycan 5:2
29 iyun
İspaniya – Azərbaycan 7:1
5-8-ci yerlər uğrunda oyun
30 iyun
Azərbaycan – Ukrayna 7:6
5-ci yer uğrunda oyun
1 iyul
Moldova – Azərbaycan


