Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin qalibi olub.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, milli komandamız bu gün yarışın həlledici oyununda Latviya yığması ilə üz-üzə gəlib. Komandamız rəqibini 4:0 hesabı ilə məğlub edib. Yığmamızın heyətində Elşad Manafov dubla imza atıb. Digər qolları isə Orxan Məmmədov və Ramil Əliyev vurublar.
Bu qələbə sayəsində Azərbaycan millisi EBSL-in B Liqasının qalibi olub. Bununla yanaşı, yığmamız Avropa çempionatının A Liqasına yüksələrək növbəti mövsümdən qitənin ən güclü komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb.
Bundan başqa, millimizin iki üzvü də fərqlənənlər sırasında yer alıb. Elçin Qasımov turnirin ən yaxşı qapıçısı, Sahib Məmmədov isə ən yaxşı oyunçusu seçilib.




