Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununa çıxıb.
Arena.az xəbər verir ki, Zeynal Zeynalovun çalışdırdığı komandamız Bakıda baş tutan seçmə mərhələdəki son sınağında İsveçrə yığması ilə qarşılaşıb.
“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunan 13-cü yer uğrunda oyunun əsas vaxtı 6:6 hesabı ilə nəticələnib. Penalti seriyasında daha dəqiq olan millimiz yekunda 5:4 hesabı ilə qaələbə qazanıb. Millimizin qollarını hərəyə iki dəfə fərqlənmiş Elşad Manafovla Ramil Əliyev, eləcə də Orxan Məmmədovla Comərd Baxşəliyev vurublar.
Beləliklə, yığmamız seçmə mərhələni 13-cü yerdə tamamlayıb.
15-ci yer uğrunda oyunda Litva Yunanıstana (4:4, penaltilər 6:5), 11-ci yer uğrunda Polşa Almaniyaya (8:6), 9-cu yer uğrunda oyunda Türkiyə Estoniyaya (3:3, penaltilər 4:3) qalib gəlib.
1/4 final mərhələsi çərçivəsində isə Belarus – Fransa (3:1), Portuqaliya – Danimarka (8:3), Ukrayna – Moldova (5:2) və İtaliya – İspaniya (4:3) matçları keçirilib.
Bir daha qeyd edək ki, dünya çempionatının seçmə mərhələ oyunları Bakıda keçirilirdi. Millimiz daha öncə qrup mərhələsində qarşılaşdığı Moldovaya 2:3, Estoniyaya 4:7, İtaliyaya da 2:3 hesabıyla uduzmuşdu. Komandamız üç məğlubiyyətin ardından qrup sonuncusu olmuşdu:
İtaliya – 9 xal
Moldova – 6 xal
Estoniya – 3 xal
Azərbaycan – 0 xal
Qrup sonuncusu olduğu üçün Azərbaycan yığması 13-16-cı yerlər uğrunda mübarizə aparmaq məcburiyyətində qalmışdı.
Xatırladaq ki, çimərlik futbolu üzrə Azərbaycan millisi DÇ-nin seçmə mərhələ oyunları üçün bu oyunçuları sifariş edib:
Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
İsa Zeynalli
Sabir Allahquliyev
Ramil Əliyev
Kamran Qürbətov
Amid Nəzərov
Hüseyn Axundov
Tural Qurbətov


