Çimərlik futbolu üzrə millimiz Portuqaliyadan da 5 qol buraxdı

Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşanın Krakov şəhərində təşkil olunmuş 3-cü Avropa Oyunlarında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, A qrupunda yer alan yığmamız ikinci matçında Portuqaliya seçmə komandası ilə üz-üzə gəlib.

Yeddi qolun qeydə alındığı qarşılaşma Portuqaliya yığmasının 5:2 hesablı qələbəsi ilə bitib. Millimizin heyətində Orxan Məmmədov 6-cı dəqiqədə hesabı açsa da, 17, 24, 25, 31 və 36-cı dəqiqələrdə buraxılan qollar məğlubiyyəti qaçılmaz edib. Orxan Məmmədovun 31-ci dəqiqədə özünün və komandamızın ikinci qoluna imza atması isə nəticəyə elə də böyük təsir göstərməyib.

Millimiz bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb:

Azərbaycan: 22. Elçin Qasımov, 7. Amid Nəzərov, 11. Orxan Məmmədov, 13. Comərd Baxşəliyev, 17. Sabir Allahquliyev.
Ehtiyat oyunçular: 1. Vaqif Şirinbəyov, 4. Elşad Manafov, 6. İsa Zeynallı, 9. Fuad Hüseynov, 10. Ramil Əliyev, 14. Kamran Qürbətov, 19. Hüseyn Axundov.
Baş məşqçi: Zeynal Zeynalov.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk matçını ötən gün meydan sahibi Polşaya qarşı keçirmiş və 2:7 hesabıyla məğlub olmuşdu. Komandamız qrupdakı sonuncu matçını İspaniya yığmasına qarşı keçirəcək.

Çimərlik futbolu üzrə Azərbaycan millisinin oyunlarının təqvimi belədir:

27 iyun
Azərbaycan – Polşa 2:7

28 iyun
Portuqaliya – Azərbaycan 5:2

29 iyun
Saat 18:00. İspaniya – Azərbaycan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: