Çimərlik futbolu üzrə yığmamız Polşada 7 qola üzüldü

Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşanın Krakov şəhərində keçirilən 3-cü Avropa Oyunlarında mübarizəyə start verib.

Arena.az xəbər verir ki, A qrupunda yer alan yığmamız ilk matçında meydan sahibi olan Polşa seçmə komandası ilə üz-üzə gəlib.

Doqquz qolun qeydə alındığı qarşılaşma Polşa yığmasının 7:2 hesablı qələbəsi ilə bitib. Millimizin heyətində Elşad Manafov 4-cü dəqiqədə hesabı açsa da, 5, 8, 11, 18 və 23-cü dəqiqələrdə buraxılan qollar məğlubiyyəti qaçılmaz edib. 27-ci dəqiqədə Fuad Hüseynov komandamızın ikinci qolunu vurub. Amma 32 və 36-cı dəqiqələrdə daha 2 qol vuran polşalılar darmadağına seviniblər.

Millimiz bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb:

Azərbaycan: 22. Elçin Qasımov, 7. Amid Nəzərov, 11. Orxan Məmmədov, 13. Comərd Baxşəliyev, 17. Sabir Allahquliyev.
Ehtiyat oyunçular: 1. Vaqif Şirinbəyov, 4. Elşad Manafov, 6. İsa Zeynallı, 9. Fuad Hüseynov, 10. Ramil Əliyev, 14. Kamran Qürbətov, 19. Hüseyn Axundov.
Baş məşqçi: Zeynal Zeynalov.

Azərbaycan millisi qrupdakı növbəti oyunlarını Portuqaliya və İspaniya yığmalarına qarşı keçirəcək.

Çimərlik futbolu üzrə Azərbaycan millisinin keçirəcəyi oyunların təqvimi belədir:

27 iyun
Azərbaycan – Polşa 2:7

28 iyun
Saat 18:00. Portuqaliya – Azərbaycan

29 iyun
Saat 18:00. İspaniya – Azərbaycan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: