Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Zeynal Zeynalovun çalışdırdığı komandamız Bakıda baş tutan seçmə mərhələdəki dördüncü oyununda Litva yığması ilə qarşılaşıb.
“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunan 13-16-cı yerlər uğrunda oyunda Azərbaycan futbolçuları qələbə qazanıblar – 3:2. Azərbaycan yığmasından qolları Ramil Əliyev, Elşad Manafov və Orxan Məmmədov vurublar. N
Beləliklə, yığmamız sabah baş tutacaq sonuncu oyunda 13-cü yer uğrunda İsveçrə millisi ilə mübarizə aparacaq. Litvanı isə 15-ci yer uğrunda Yunanıstanla oyun gözləyir. Sabah həm də 11-ci yer uğrunda Polşa – Almaniya, 9-cu yer uğrunda Türkiyə – Estoniya oyunları baş tutacaq. 1/4 final mərhələsi çərçivəsində isə Belarus – Fransa, Portuqaliya – Danimarka, Ukrayna – Moldova və İtaliya – İspaniya matçları keçiriləcək.
Bir daha qeyd edək ki, dünya çempionatının seçmə mərhələ oyunları Bakıda keçirilir. Millimiz daha öncə qrup mərhələsində qarşılaşdığı Moldovaya 2:3, Estoniyaya 4:7, İtaliyaya da 2:3 hesabıyla uduzmuşdu. Komandamız üç məğlubiyyətin ardından qrup sonuncusu olmuşdu:
İtaliya – 9 xal
Moldova – 6 xal
Estoniya – 3 xal
Azərbaycan – 0 xal
Qrup sonuncusu olduğu üçün Azərbaycan yığması 13-16-cı yerlər uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb.
Xatırladaq ki, çimərlik futbolu üzrə Azərbaycan millisi DÇ-nin seçmə mərhələ oyunları üçün bu oyunçuları sifariş edib:
Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
İsa Zeynalli
Sabir Allahquliyev
Ramil Əliyev
Kamran Qürbətov
Amid Nəzərov
Hüseyn Axundov
Tural Qurbətov


