UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilmiş oyunlarda yeni rekordlar qeydə alınıb.
Arena.az “Opta Sports” statistik internet-portalına istinadən qeydə alınmış nailiyyətləri diqqətinizə çatdırır:
PSJ-nin fransalı mərkəz yarımmüdafiəçisi Uorren Zair-Emeri “Milan”la oyunda (3:0) 17 yaş 231 günlüyündə 2 məhsuldar ötürməyə imza atıb. Bununla da o, ÇL tarixində 2 məhsuldar ötürmə etmiş ən gənc futbolçu olub. Yarımmüdafiəçi oyunun 32-ci dəqiqəsində Kilian Mbappeyə, 89-cu dəqiqədə isə Li Kan İnə məhsuldar ötürmə verib.
Zair-Emeri, 2006-cı ildə 17 yaş 250 gündə “Hamburq”la Çempionlar Liqası oyununda 2 məhsuldar ötürmə etmiş, “Arsenal”ın futbolçusu Teo Uolkotun rekordunu yeniləyib.
Vurğulayaq ki, Çempionlar Liqasında məhsuldar ötürmələrin statistikası 2003/2004 mövsümündən mövcuddur.
“Portu”nun və Portuqaliya yığmasının məşhur mərkəz müdafiəçisi Pepe Kepler də yeni rekorda imza atıb. O, 40 yaş 241 günlüyündə “Antverpen”lə oyunda əsas heyətdə meydana çıxıb. Beləliklə, Pepe Avropanın ən nüfuzlu klub turniri tarixində ən yaşlı meydan oyunçusu adına sahib olub.
Pepe 40 yaş 211 günlüyündə Çempionlar Liqası oyununda meydana çıxmış “Milan”ın mərkəz müdafiəçisi Alessandro Kostakurta və “Reyncers”in mərkəz müdafiəçisi Devid Ueyrin rekordlarını üstələyib.
“Milan” da ÇL-də ilkə imza atıb. Sözügedən klub səfərdə PSJ-yə qarşı oyunda meydana buraxdığı əsas heyətdə bir nəfər belə, italyan futbolçunun olmaması ilə komanda tarixində ilki gerçəkləşdirib. Vurğulayaq ki, PSJ bu oyunda İtaliya nəhəngini 3:0 hesabıyla məğlub edib.


