İspaniya nəhəngi “Real”ın və İngiltərə milli komandasının mərkəz yarımmüdafiəçisi Cud Bellingem zədələnərək sıradan çıxıb.
Arena.az bu barədə Madrid klubunun rəsmi saytına istinadən məlumat verir:
“Bu gün aparılmış tibbi yoxlamalar müəyyən edib ki, oyunçumuz Cud Bellingem bu yaxınlarda sol çiyninin çıxması nəticəsində zədə alıb. Bellingem bu gün “Valensiya” ilə oyunda oynamayacaq” – klubun rəsmi bəyanatında deyilir.
İlkin ehtimala görə, Bellingemin bərpa müddəti iki həftəyə qədər uzana bilər. Beləliklə, Bellingem İngiltərə yığmasının AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək. Bununla belə, İngiltərə Futbol Assosiasiyası (The FA) indiyə qədər mövcud vəziyyəti müstəqil şəkildə öyrənməli və Bellingemin yığma komandaya çağırılmasının zəruriliyi barədə qərar verməlidir.
Xatırladaq ki, İngiltərə yığması noyabrın 17-də Malta yığması ilə, noyabrın 21-də isə Şimali Makedoniya kollektivi ilə qarşılaşacaq.
Vurğulayaq ki, İngiltərə yığması AÇ-2024-ə vəsiqəsini artıq təmin edib.
Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər.
Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
Cari mövsümdə Bellingem “qaymaqlılar”ın heyətində 14 oyunda 13 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Gənc yaşına rəğmən, Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 27 oyun keçirib. Cud yığma komandanın heyətində 2 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 150 milyon avro məbləğində qiymətləndirir.


