“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 3-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü “Sabah”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu gün bizi necə bir oyunun gözlədiyini bilirdik, çünki avrokubok matçından sonra bu qədər vacib qarşılaşma, bu qədər emosiya və əlavə vaxtdan sonra asan olmayacağını anlayırdıq. Üstəlik, oyundan əvvəl yağan çox güclü yağış da matça təsir etdi. Stadiona gələndə hətta bu oyunu keçirə biləcəyimizi belə bilmirdik, çünki həddindən artıq yağış yağmışdı. Amma ümumilikdə, komandanın çıxışından və sərgilədiyimiz oyundan çox razı qaldım. Hesab edirəm ki, birinci hissənin tamamında və ikinci hissənin böyük hissəsində üstünlük bizdə idi. Ardıcıl olaraq təhlükəli məqamlar yaradırdıq. Bəli, bəlkə hücumlarımızın son mərhələsində, xüsusən rəqibin cərimə meydançasında bir az kəsərlilik çatışmırdı. Lakin ümumilikdə daha yaxşı oynayan tərəf idik və bu qələbəyə layiq idik. Bəli, qol qapıçının səhvindən sonra bir az qəribə alındı, amma qol qoldur. Qapını toxunulmaz saxlayıb qol vura bilirsinizsə, həmişə qalib gələcəksiniz.
Oyunun sonlarında, xüsusən bu gün olduğu kimi 1:0 kimi kiçik üstünlüyünüz olduqda, rəqib nəsə etməyə çalışır və biz bir neçə səhvimizə görə cəzalandırıla bilərdik. Bəxtimizdən bu gün qapıçımız əla formada idi və rəqibin iki təhlükəli zərbəsini dəf etdi. Amma yenə də inanıram ki, sərgilədiyimiz oyunla bu qələbəyə tam layiq idik. İndi ən vacibi yenidən Bakıya qayıdıb, növbəti oyuna hazırlaşmaqdır.
Etməli olduğumuz şey yalnız növbəti oyuna fokuslanmaqdır. Şadam ki, bu gün yenə 3-4 mövqedə rotasiya etdik. Mövsümün əvvəlində çox şans qazanmayan oyunçulara bir az daha çox dəqiqə verdik. Deməli, hər şey plana uyğun getdi və indi irəli baxmaq, növbəti oyuna hazırlaşmaq vaxtıdır”.
“Komandamızın potensialı böyükdür” – Zaur İsmayılov
“Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov isə komandasının məğlubiyyəti ilə bağlı bunları dilə gətirib:
“Sabah”ı UEFA Çempionlar Liqasındakı uğurlu çıxışı və Liqa mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edir, uğurlar arzulayıram. Özümüzə gəldikdə, “Neftçi” ilə oyunda müdafiə planında kobud səhvlərə yol verdik, rəqibin fərqlənməsi üçün imkanlar yaratdıq. Bugünkü oyunda da müdafiədə kobud səhvə yol verdik, həmin səhv də rəqibin hesabda önə keçməsinə səbəb oldu. Halbuki müdafiə planında düzgün oynayır, yaxşı müdafiə olunurduq. Növbəti oyunlara hazırlaşacağıq. Komandamızın potensialı böyükdür. Oyun planında inkişaf etməliyik. İnanıram ki, komanda olaraq qarşıya qoyulan məqsədə çatacağıq”.


