Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş dünya çempionatında (DÇ-2023) növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu millimiz yarımfinal mərhələsi çərçivəsində Qazaxıstan yığması ilə üz-üzə gəlib.
Komandamız qələbə seriyasını bu oyunda da davam etdirməklə finala vəsiqə qazanmağa çalışıb. Azərbaycan millisi qrup mərhələsindəki oyunlarından maksimum nəticə ilə ayrılmışdı. Futbolçularımız İraqa 2:0, Misirə 4:1, Küveytə isə 3:1 hesabıyla qalib gəlmişdilər. 1/8 finalda Portuqaliya yığması ilə qarşılaşan millimiz bu rəqibini də 3:0 hesabıyla məğlub etmişdi. Ötən gün baş tutan Bolqarıstanla 1/4 final görüşü isə 3:1 hesabıyla millimizin xeyrinə yekunlaşmışdı.
Qazaxıstan yığması isə qrup mərhələsində Qana (7:0), Hindistan (16:0) və Birləşmiş Ərəb Əmirlikləri (2:1) milli komandalarına qalib gəlmişdi. 1/8 finalda Meksikanı (0:0, penaltilər 2:1) çətinliklə yolundan kənarlaşdırmış qazaxlar 1/4 finalda da Çexiya ilə dueldən qalib ayrılmışdılar. Millimizin rəqibi əsas vaxtı 3:3 hesabıyla bitən bu matçda da penaltilərlə sevinmişdi – 3:2.
Millimizin Qazaxıstanla qarşılaşması rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın qollarını Eşqin Tağıyev vurub.
Dünya çempionatının finalına digər vəsiqə uğrunda Rumıniya və Macarıstan yığmaları mübarizə aparıblar. Bu komandaların yarımfinal görüşündə isə rumınlar 3 cavansız qolla qalib gəliblər.
Beləliklə, sabah baş tutacaq final matçında Qazaxıstan və Rumıniya yığmaları üz-üzə gələcəklər. Azərbaycan yığmasını isə Macarıstanla üçüncü yer uğrunda oyun gözləyir. Bu görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi sonuncu Avropa çempionudur.
DÇ-2023
1/4 final
2 noyabr
Azərbaycan – Qazaxıstan 2:3
BƏƏ. Ras Əl-Xayma şəhəri.


