Çimərlik futbolu üzrə növbəti dünya çempionatının (DÇ-2023) Avropa zonası üzrə seçmə mərhələsinin oyunları Bakıda keçiriləcək. Arena.az xəbər verir ki, bu barədə Ümumdünya Çimərlik Futbolu Təşkilatının (Beach Soccer Worldwide) rəsmi saytı məlumat yayıb.
Xəbərdə DÇ-2023-ün Avropa zonası üzrə seçmə mərhələsinin oyunlarının Azərbaycan yığmasının ev oyunlarını keçirdiyi Olimpiya stadionunda təşkil olunacağı diqqətə çatdırılıb. Böyük ehtimalla təşkilatçılar yığmamızın ev oyunlarını keçirdiyi Mərdəkanda yerləşən “Dalğa” İdman İstirahət Kompleksinin meydançasını nəzərdə tuturlar. Çünki Bakıda çimərlik futbolu üzrə Olimpiya stadionu yoxdur.
Xəbərdə o da bildirilir ki, yarış iyulun 2-dən 9-dək baş tutacaq. Seçmə mərhələnin təqvimi də açıqlanıb. Əvvəlcə 2-4 iyul tarixlərində reytinqdə ilk “12-liy”ə düşməyən komandalar qruplara bölünərək çıxış edəcəklər. 5-7 iyulda reytinqin ən güclü 12 komandasının qrup matçları olacaq. Ümumilikdə 4 komanda növbəti mərhələyə adlayacaq. İyulun 8-də yarımfinal və pley-off, 9-da isə final və 3-16-cı yerlər uğrunda matçlar təşkil olunacaq.
Ümumilikdə seçmə mərhələnin ən yaxşı 4 komandası bu il Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.
Ümumdünya Çimərlik Futbolu Təşkilatının prezidenti Joan Kusko ev sahibliyini qəbul etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib: “Qısa müddətdə məkan tapmaq asan olmadı. Tədbirin keçirilmə tarixlərinin Avropa Oyunlarına yaxın olduğunu bilirik. Heç də ideal vəziyyət deyil. Lakin biz mümkün olan ən yaxşı yarışı keçirəcəyimizə inanırıq. Bakıdakı gözəl çimərlik arenasında mümkün qədər çox Avropa komandasının iştirak etməsini səbirsizliklə gözləyirik”.
2023-cü ildə BƏƏ-də keçiriləcək dünya çempionatı 16-26 noyabr aralığında baş tutacaq. Ev sahibi ölkə ilə yanaşı, Asiyadan İran, Yaponiya və Oman yığmaları da mundialda iştirak hüququ qazanıblar. Afrikanı DÇ-də Misir və Seneqal yığmaları təmsil edəcəklər. CONMEBOL-dan Argentina, Braziliya və Kolumbiya yığmaları mundiala vəsiqə qazanıbsa, Okeaniyadan və CONCACAF zonasından, həmçinin Avropadan hansı komandaların Dubaya vəsiqə əldə edəcəyinə daha sonra aydınlıq gələcək.


