Bu gün 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılacaq.
Arena.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olacaq.
Rusiyanın buraxılmadığı yarışa qatılacaq 54 iştirakçı 12 qrupa bölünəcək. Bunlardan altısında 4, altısında 5 komanda yer alacaq.
Püşkatma zamanı yığmalar 5 səbətdə olacaq. Bunların dördündə 12, sonuncusunda 6 komanda yer alıb. Azərbaycan yığması 4-cü “12-liy”ə daxil edilib.
1-ci səbət: İspaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Niderland, Danimarka, Xorvatiya, İngiltərə, Belçika, İsveçrə, Avstriya;
2-ci səbət: Türkiyə, Ukrayna, Uels, İsveç, Serbiya, Macarıstan, Polşa, Yunanıstan, Rumıniya, Norveç, Çexiya, Slovakiya;
3-cü səbət: Şotlandiya, İsrail, Bosniya və Herseqovina, Sloveniya, Gürcüstan, İslandiya, İrlandiya, Albaniya, Monteneqro, Finlandiya, Şimali Makedoniya, Şimali İrlandiya;
4-cü səbət: Qazaxıstan, Kosovo, Bolqarıstan, Ermənistan, Belarus, Farer adaları, Kipr, Estoniya, Latviya, Lüksemburq, Azərbaycan, Litva;
5-ci səbət: Moldova, San Marino, Malta, Cəbəllütariq, Lixtenşteyn, Andorra.
Qeyd edək ki, DÇ-2026-nın 2025-ci ildə keçiriləcək Avropa zonası üzrə seçmə mərhələsinin matçları 2025-ci ilin martında start götürəcək. Dörd və beş komandadan ibarət 12 qrupun birinciləri birbaşa DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcəklər. İkinci yeri tutanlar pley-offda iştirak hüququ qazanacaqlar. Belə ki, onlar UEFA Millətlər Liqasından gələcək 4 komanda ilə birlikdə pley-offda son 4 vəsiqə üçün mübarizə aparacaqlar.
2026-cı ildə Kanada, Meksika və ABŞ-də təşkil olunacaq dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə gerçəkləşəcək.


