Dezire Due ÇL finallarında müstəsna nailiyyətə imza atdı

UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün “İnter”lə final oyunu PSJ-nin hücumçusu Dezire Due üçün əlamətdar olub.

Arena.az xatırladır ki, Fransa nəhəngi Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün qalibi adını qazanıb.

PSJ final oyununda İtaliya nəhəngi “İnter” üzərində 5:0 hesablı qələbəyə sevinib.

PSJ-nin qələbəsində parislilərin 19 yaşlı fransalı sağ cinah hücumçusu Due böyük pay sahibi olub. Gənc hücumçu “neradzurri”nin qapısına 2 qol vurub və 1 qolun vurulmasında məhsuldar ötürmə ilə fərqlənib.

“Opta Sports” statistik internet-portalının təqdim etdiyi məlumata görə, Due Çempionlar Liqasının finallarında 3 səmərəli fəaliyyətlə fərqlənə bilmiş ilk oyunçu ünvanına sahib olub.

Həmçinin Due Çempionlar Liqasının finallarında qol və məhsudlar ötürmə ilə fərqlənmiş, həmçinin dubla imza atmış ən gənc oyunçu olub. Due müvafiq uğuruna 19 yaş 362 günlüyündə müvəffəq olub.

PSJ Dezire Dueni 2024-cü ilin avqust ayında “Renn”dən tamhüquqlu əsasda parislilərin düşərgəsinə qatıb. Fransa nəhəngi müvafiq keçid üçün 50 milyon avro məbləğində xərc çəkib. Duenin PSJ ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Dezire Due “Renn”in yetirməsidir. Due bütün karyerası ərzində “Renn”in heyətində 76 oyun keçirib, 8 qol vurub, 7 məhsuldar ötürmə verib.

PSJ-nin heyətində isə Due 54 oyuna çıxıb, 15 qol və 16 məhsuldar ötürmə müəllifi olub.

Due daha öncə Fransanın U-17, U-18, U-19, U-21, U-23 və Olimpiya yığmalarına cəlb edilib. Cari ilin mart ayında isə Dezire “xoruzlar”ın əsas yığmasında debüt edib, məhsuldar fəaliyyəti olmayıb. Due Fransanın U-17 yığması ilə Avropa çempionatının (AÇ-2022) qalibi olub.

“Transfermarkt” internet-portalı 19 yaşlı fransalı hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: