PSJ-nin 19 yaşlı futbolçusu, fransalı sol vinger Dezire Due Fransa Liqa 1-də mart ayının ən yaxşı oyunçusu adına layiq görülüb.
Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Martın ən yaxşısı adına PSJ-dən Usman Dembele və “Monako”dan Mieke Bieret də namizəd idilər. Amma azarkeşlər arasındakı sorğunun yekununda 44 faiz səslə Due qalib seçilib. Bieret 38 faiz səslə ikinci, Dembele 18 faiz səslə üçüncü yeri tutublar.
Dezire Due mart ayında Liqa 1 çərçivəsində keçirdiyi 4 oyunda 3 qola imza atıb, həmçinin 2 məhsuldar ötürmə müəllifi olub.
19 yaşlı futbolçu karyerası ərzində ilk dəfə Liqa 1-də ayın ən yaxşı oyunçusu seçilir.
Cari mövsümdə əvvəlki ayların qalibləri isə bu oyunçular olublar:
Sentyabr 2024 – Bredli Barkola (PSJ)
Oktyabr 2024 – Zuriko Davitaşvili (“Sent Etyen”)
Noyabr 2024 – Conatan David (“Lill”)
Dekabr 2024 – Meyson Qrinvud (“Olimpik”, Marsel)
Yanvar 2025 – Usman Dembele (PSJ)
Fevral 2025 – Amin Quiri (“Olimpik”, Marsel)
Xatırladaq ki, PSJ Dueni 2024-cü ilin avqust ayında “Renn”dən tamhüquqlu keçid əsasında öz düşərgəsinə qatıb. Fransa nəhəngi bu keçid üçün 50 milyon avro məbləğində ödəniş edib. Duenin PSJ ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi mövcuddur.
Dezire Due “Renn”in yetirməsidir. Due bütün karyerası ərzində “Renn”in heyətində 76 oyun keçirib, 8 qol vurub, 7 məhsuldar ötürmə verib.
PSJ-də isə Due 43 oyuna çıxıb, 12 qol və 12 məhsuldar ötürmə müəllifi olub.
Due daha öncə Fransanın U-17, U-18, U-19, U-21, U-23 və Olimpiya yığmalarına cəlb edilib. Bu ilin mart ayında isə o, “xoruzlar”ın əsas yığmasında debüt edib. Dezire Fransanın U-17 yığması ilə Avropa çempionatının (2022) qalibi olub.


