Dimitrios Kurbelis gəldi, Matias Dituro və Brahim Darri göndərildi

Türkiyənin “Trabzonspor” klubunun dayaq yarımmüdafiəçisi Dimitrios Kurbelis Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar mətbuat xidmətləri vasitəsilə məlumat yayıblar.

“Fatih Karagümrük” Yunanıstandan olan 30 yaşlı futbolçunu “Trabzonspor”dan bu mövsümün sonuna kimi icarəyə götürüb.

Dimitrios Kurbelis 2023-cü ilin iyun ayından “Trabzonspor”un uğurları üçün çalışırdı. Amma yunan futbolçu bu komandada cəmi 6 oyuna çıxıb və fərqlənə bilməyib.

Kurbelis “Asteras” (Tripolis) klubunun yetirməsidir. O, sözügedən komandada 131 oyun keçirib, 3 qol və 1 assistlə yadda qalıb. 2017-ci ilin yanvarından isə futbolçu “Panatinaikos”da forma geyinirdi. Bu komandada 174 oyuna 8 qol və 10 assist müəllifi olmuş futbolçu Afina təmsilçisindən azad agent kimi ayrılaraq “Trabzonspor”a keçmişdi.

Kurbelis Yunanıstan milli komandasında da 36 oyun keçirib, 1 qol vurub.

Yeri gəlmişkən, “Fatih Karagümrük” Matias Dituro və Brahim Darri ilə də yollarını ayırıb. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Onlara xidmətlərinə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

Matias Dituro bu mövsümün əvvəlində Türkiyə klubuna transfer edilmişdi. Argentinadan olan 36 yaşlı qapıçı Super Liqa təmsilçisinin heyətində 11 oyuna çıxıb, 13 qol buraxıb, 3 “quru” oyun keçirib. O, karyerası ərzində “Universidad Katolika”, “Selta”, “Antofaqasta”, CNİ, “Alaves”, “Bolivar”, “Vilstermann” və “Duqlas Haiq” kimi klublarda da forma geyinib.

Artıq Dituronun yeni klubu da məlumdur. Təcrübəli qolkiper bundan sonra İspaniyanın “Elçe” klubunun formasını geyinəcək. O, aşağı liqa təmsilçisi ilə 1,5 illik müqaviləyə imza atıb.

Brahim Darri isə 2023-cü ilin əvvəlindən “Fatih Karagümrük”ün uğurları üçün çalışırdı. 2019/2020 mövsümündə də bu klubda forma geyinmiş 29 yaşlı vinger Türkiyə klubunun heyətində bütövlükdə 46 oyuna çıxıb, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Darri “Vitess”, “De Qrafşap”, “Herakles Almelo”, “NEK Neymegen”, “Den Boş”, “Ərzurumspor”, “Samsunspor”, “Dənizlispor”, “Mesaymer” kimi klubların da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: