Dimitrios Kurbelis rəsmən “Trabzonspor”da

Futbol üzrə Yunanıstanın yığmasının və “Panatinaikos”un yarımmüdafiəçisi Dimitrios Kurbelis “Trabzonspor”a transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bu, trabzonluların 2023/2024 mövsümü öncəsi ilk transferidir.

29 yaşlı futbolçu Türkiyə klubu ilə 2+1 illik müqaviləyə imza atıb. Trabzon təmsilçisi yeni transferinin müqavilə şərtlərini də açıqlayıb. Belə ki, yunan dayaq yarımmüdafiəçisinin ilk mövsümündə 950 min avro qazanacağı diqqətə çatdırılıb. Onun 2024/2025 mövsümü üçün qazancı 1 milyon avro təşkil edəcək. Müqavilənin əlavə bir ili aktivləşdirilsə, o zaman Kurbelis 2025/2026 mövsümündə 1,1 milyon gəlir əldə edəcək.

Kurbelis təqdimat videosunda klubun azarkeşlərinə səslənib: “Salam, “Trabzonspor” tərəfdarları. Ailənizə qatıldığım üçün çox xoşbəxtəm. Əlimdən gələnin ən yaxşısını etmək üçün hazıram. Bizə hər yer Trabzon”.

Dimitrios Kurbelis “Asteras” (Tripolis) klubunun yetirməsidir. O, sözügedən komandada 131 oyun keçirib, 3 qol və 1 assistlə yadda qalıb. 2017-ci ilin yanvarından isə futbolçu “Panatinaikos”da forma geyinirdi. Bu komandada 174 oyuna 8 qol və 10 assist müəllifi olmuş futbolçu Afina təmsilçisindən azad agent kimi ayrılıb. Onun bu klubla müqaviləsi bu ayın sonuna kimi idi.

Kurbelis Yunanıstan milli komandasında da 32 oyun keçirib, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: