“Şamaxı”nın portuqaliyalı cinah hücumçusu Dioqo Balau bundan sonra Azərbaycanın digər klubu “Turan Tovuz”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə sözügedən klubların mətbuat xidmətlərinə istinadən xəbər verir.
Belə ki, “Şamaxı” Dioqo Balaunun transferi ilə bağlı “Turan Tovuz”la razılıq əldə edildiyini açıqlayıb. Klub Balauya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
“Turan Tovuz” isə portyqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.
Xatırladaq ki, Dioqo Balau “Şamaxı”ya 2025-ci ilin yayında Portuqaliyanın “Santarem” klubundan azad agent kimi keçmiş və 1+1 illik müqaviləyə imza atmışdı. 26 yaşlı vinger geridə qalmış mövsümdə əyalət klubunun heyətində 35 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Bu, “Turan Tovuz”un yeni mövsümdən öncə ilk transferidir. Tovuz klubu bu gün Şəhriyar Əliyevlə də yollarını ayırdığını açıqlamışdı.


