Almaniyanın “Herta” klubunun və Belçika yığmasının sağ cinah vingeri Dodi Lukebakio bundan sonra “Sevilya”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə La Liqa klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
“Sevilya” Lukebakionun transferi üçün bonuslar daxil olmaqla 10 milyon avro məbləğində xərc çəkib. Tərəflər 5 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıblar.
Geridə qalmış 2022/2023 mövsümündə Lukebakio “Herta”nın heyətində 33 oyuna çıxıb, 12 qol vurub, 5 məhsuldar ötürmə verib. O, 2019-cu ildən formasını geyindiyi “Herta”da bütövlükdə 100 matça çıxıb, 28 qol və 18 assistlə yadda qalıb.
Lukebakio 2020-ci ilin noyabr ayında debüt etdiyi Belçika yığmasının heyətində 8 oyun keçirib 3 məhsuldar ötürmə verib.
“Sevilya” Almaniyanın “Leypsiq” klubunun qapıçısı Oryan Nilandı da heyətinə cəlb edib. 32 yaşlı norveçli qolkiperlə 2 illik müqavilə imzalanıb. Ötən mövsüm “Leypsiq”də cəmi 3 oyun keçirmiş futbolçu Norveç millisində də 46 matça çıxıb.
“Sevilya” iki futbolçusunu da icarəyə verib. Danimarkalı Tomas Dileyni “Anderlext”ə, argentinalı Qonsalo Montiel isə “Nottingem Forest”ə keçib. Onların hər ikisi bu mövsümün sonuna kimi icarədə olacaqlar.
Yeri gəlmişkən, “Nottingem Forest” “Çelsi”dən Andrey Santosu da icarəyə götürüb. 19 yaşlı mərkəz yarımmüdafiəçisi 2024-cü ilin yayına kimi icarədə olacaq.
“Nottingem Forest”in sol cinah müdafiəçisi Omar Riçardsla yarımmüdafiəçisi Qustavo Skarpa isə Yunanıstan “Olimpiakos”una icarəyə veriliblər. Onlar da mövsümün sonuna kimi icarədə olacaqlar.
Yarımmüdafiəçi Tayriz Forna ilə Məhəmməd Draqer də “Nottingem Forest”dən ayrılıblar. Forna “Derbi Kaunti”yə, Draqer isə “Bazel”ə keçib. Forna yeni klubu ilə 2, Draqer isə 3 illik müqaviləyə imza atıb.



