Domaqoy Vida Yunanıstan klubunda

Bu yay Türkiyənin “Beşiktaş” klubundan ayrılan Domaqoy Vida özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, xorvatiyalı müdafiəçi bundan sonra karyerasını Yunanıstanın AEK klubunda davam etdirəcək.

Bu barədə Afina təmsilçisinin rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Vida azad agent kimi “Beşiktaş”dan ayrıldığı üçün, AEK Türkiyə klubuna heç bir təzminat ödəməyib.

“Beşiktaş”da ilinə 3.5 milyon avro qazanan Vidanın, AEK-dəki illik qazancı 1.6 milyon avro olacaq. O, üstəlik mükafatlardan da gəlir əldə edəcək. Xorvat oyunçu Yunanıstan klubunun ən çox qazanan futbolçusuna çevrilib.

Domaqoy Vida 2018-ci ildən “Beşiktaş”da forma geyinirdi. Təcrübəli futbolçu bu komandada keçirdiyi 5 mövsüm ərzində 165 matça çıxıb, 16 qol vurub.

Vida daha öncə “Osiyek”, “Bayer”, “Dinamo” (Zaqreb) və “Dinamo” (Kiyev) kimi komandalarda da oynayıb. O, Xorvatiya yığmasında 98 matça çıxıb, 4 qola imza atıb.