Dominik Solanke “Qarabağ”la oyun haqda: “Çətin gecə oldu”

“Tottenhem”in futbolçusu Dominik Solanke Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 27 yaşlı ingilis hücumçu komandasının 3:0 hesablı qələbəyə sevindiyi oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Oyuna daha yaxşı başlaya bilərdik. Amma toparlanaraq işimizi gördük. Uşaqlar əzmkarlıq göstərdilər və komandamıza xas olan ruhu nümayiş etdirdilər. Matçın saat 20:00-da (London vaxtı ilə – red.) başlayacağına köklənmişdik. Amma məlum səbəblərdən gecikmə oldu. Oyun öncəsi məşqi hissələrə böldük. Matçın gecikməsini və qırmızı vərəqəni nəzərə alsaq, çətin axşam oldu”.

Qeyd edək ki, Dominik Solanke komandasının 3-cü qolunun müəllifi olub. O, 68-ci dəqiqədə fərqlənib.

“Tottenhem”in digər futbolçusu Ben Deyvis də matçdan sonra fikirlərini paylaşıb. 31 yaşlı uelsli müdafiəçi UEFA-nın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Bəli, oyun bizim üçün asan başlamadı, amma bəzən çətin anların öhdəsindən gəlməli olursan. Məncə, bu gecə bunu çox yaxşı bacardıq. 10 nəfərlə oynayırıqsa buna hamı adaptasiya olmalıdır. Əslində rəqibin əlinə bir neçə fürsət keçmişdi. Buna görə də müdafiə güclü olmalıdır”.

Deyvis 80 dəqiqədən artıq müddətdə 10 nəfərlə mübarizə aparmaqla qələbə qazanmaqlarına da münasibət bildirib: “Çətin olacağını bilirdik, amma bu bir yarışdır. Bilirsiz ki, bəzən bu nəticəni əldə etmək üçün həddindən artıq çalışmalısan. Qarşılaşmada bəzi şeylər bizim xeyrimizə olmadı. Amma düşünürəm ki, biz qələbəyə layiq idik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: