Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir. Arena.az xəbər verir ki, mundialın beşinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
İlk görüşdə Çarles Petit-Hommu (Haiti) mübarizədən kənarlaşdıran Tayfur Əliyev (60 kq) 1/16 finalda italiyalı Simone Spada ilə üz-üzə gəlib. Boksçumuz bu dueldən də qalib ayrılıb. O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Əliyev 1/8 finalda Arslan Xatayevlə (Finlandiya) münasibətinə aydınlıq gətirəcək. Görüş oktyabrın 31-də olacaq.
Onun qardaşı Sərxan Əliyev də dünya çempionatına qələbə ilə başlayıb. 71 kq çəkidə rinqə çıxın boksçu Stefen Nevnsi (Şotlandiya) məğlub edib – 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26). Əliyev 1/8 finalda yaponiyalı Yuta Akiyama ilə döyüşəcək. Görüş oktyabrın 31-nə təsadüf edəcək.
Mundialın altıncı günü 2 boksçumuz mübarizə aparacaq. Malik Həsənov (63,5) Ovannes Baçkovla (Ermənistan), Mirşərif Kazımzadə (75 kq) Soma Mesterlə (Macarıstan) qüvvəsini sınayacaq.
Bu dünya çempionatı ilk dəfə 13 çəki dərəcəsində təşkil olunub. Mundialda 105 ölkədən 650 idmançı iştirak edir. 2 600 000 ABŞ dolları mükafat fondu olan yarışda çempion olacaq boksçular 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.


