Futbol üzrə Serbiya millisinin və “Ayaks”ın hücumçusu Duşan Tadiç Niderland nəhəngindən ayrılaraq “Fənərbaxça”ya keçib.
Arena.az xəbər verir ki, 34 yaşlı forvard Amsterdam təmsilçisindən azad agent kimi ayrılıb.
Türkiyə klubundan sərfəli təklif almış təcrübəli oyunçu İstanbula gələrək tibbi müayinədən keçib və rəsmi müqaviləyə imza atıb. Tərəflər 2 illik sözləşmə imzalayıblar. Tadiçin həm 2023/2024, həm də 2024/2025 mövsümündə 4,2 milyon avro məvacib alacağı diqqətə çatdırılıb.
Təcrübəli oyunçunun həm də Arda Gülərin Madrid “Real”ına transferindən sonra boş qalmış 10 nömrəli formanı geyinəcəyi açıqlanıb.
Xatırladaq ki, Duşan Tadiç “Ayaks”a 2018-ci ilin iyul ayında “Sauthempton”dan keçmişdi. O, Niderland nəhəngində bütövlükdə 241 oyuna çıxıb, 105 qol vurub, 112 məhsuldar ötürmə müəllifi olub.
Tadiç “Sauthempton” (162 oyun, 24 qol, 35 assist), “Voyvodina” (96 oyun, 27 qol, 17 assist), “Tvente” (85 oyun, 32 qol, 36 assist) və “Qroningen”də (76 oyun, 14 qol, 32 assist) də forma geyinib. O, kapitanı olduğu Serbiya yığmasında da 98 oyuna çıxıb, 21 qola imza atıb.
Yeri gəlmişkən, “Fənərbaxça” hücumçusu Mdvana Samatta ilə də yollarını ayırıb. Tanzaniyadan olan 30 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Mbvana Samatta 2020-ci ilin sentyabr ayından “Fənərbaxça”da çıxış edirdi. Amma o, İstanbul təmsilçisində cəmi 33 oyuna çıxıb və 6 qolla yadda qalıb. O, son iki mövsümü “Antverpen” və “Genk”də icarədə keçirib. “Simba”, “Mazembe”, “Aston Villa”da da oynamış hücumçu Tanzaniya yığmasında 72 oyuna 22 qol vurub.


