Türkiyənin “Fənərbaxça” klubunun və Serbiya milli komandasının sol vingeri Duşan Tadiç yığma karyerasını başa vurub.
Arena.az xəbər verir ki, bu barədə 35 yaşlı futbolçu özü sosial şəbəkə hesabında bildirib.
Serbiya yığmasının heyətində keçirdiyi 111 oyunla komandanın rekordçusu olan Tadiç, milli komandanın heyətində çıxışını başa vurmasını özününün sosial şəbəkə hesabı üzərindən şərh edib:
“Heç bir klub uğursuzluğu milli komandadakı uğursuzluq qədər yaralaya bilməz, heç bir klub uğuru isə milli komanda köynəyində qazanılmış uğur qədər sevindirə bilməz. Mən böyük məmnuniyyətlə döyüşdüm və millinin gerbini qorudum. Yığma ilə vidalaşıram, amma inanıram ki, yollarımız yenidən kəsişəcək. Futbolçu karyeramı bitirdikdən sonra futbolda qalmaq istəyirəm, ölkəmə bütün varlığımı verməkdən gözəl isə heç bir məqam yoxdur”, deyə Tadiç vurğulayıb.
Serbiyanın U-19 və U-21 yığmalarında da oynamış Tadiç əsas millidə 2008-ci ilin dekabr ayında debüt edib. Yarımmüdafiəçi milli komandanın heyətində keçirdiyi 111 oyunla mütləq rekordçudur. O, bu oyunlarda 23 qola imza atıb, 40 məhsuldar ötürmə müəllifi olub.
Hazırda Türkiyənin “Fənərbaxça” klubunun uğurları üçün çalışan Duşan Tadiç Super Liqa təmsilçisinin heyətində 56 oyuna çıxıb, 16 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Türkiyə nəhəngi ilə 2025-ci ilin 30 iyununa qədər müqaviləsi var.
Tadiç “Fənərbaxça”ya 2023-cü ilin yayında Niderland nəhəngi “Ayaks”dan azad agent kimi gəlib. Serbiyalı oyunçu daha öncə “Ayaks”dan başqa “Sauthempton”, “Voyvodina”, “Tvente” və “Qroningen” kimi klubların da şərəfini qoruyub.
“Transfermarkt” internet-portalı 35 yaşlı serb vingerin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.


