Futbol üzrə Bosniya və Herseqovina milli komandasının kapitanı Edin Dzeko dünya çempionatlarının pley-off mərhələsində tarixi rekorda imza atıb.
Arena.az xəbər verir ki, təcrübəli hücumçu DÇ-2026-nın 1/16 finalında ABŞ yığmasına qarşı keçirdikləri oyunda meydana çıxmaqla buna nail olub.
Qarşılaşma günü 40 yaş 106 günlük olan Dzeko dünya çempionatlarının pley-off mərhələsində meydana çıxan 40 yaşdan yuxarı ilk meydan oyunçusu kimi tarixə düşüb.
Bu göstəricidə ümumi rekord isə İngiltərə millisinin sabiq qapıçısı Piter Şiltona məxsusdur. O, 1990-cı il dünya çempionatında üçüncü yer uğrunda oyunda 40 yaş 292 günlük olarkən meydana çıxmışdı.
Qeyd edək ki, Dzekonun rekordu uzunömürlü olmaya bilər. Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo Xorvatiyaya qarşı 1/16 final matçında meydana çıxacağı təqdirdə 41 yaş 147 günlük olacaq və dünya çempionatlarının pley-off mərhələsində çıxış edən ən yaşlı futbolçu adına sahib çıxacaq.
Bosniya və Herseqovina millisi 1/16 finalda ABŞ-yə 0:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.


