Eddi İsrafilov: “Qarabağ”la oyunda lazım olanı edəcəyik”

“Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov Premyer Liqanın 17-ci turunda “Qarabağ”a qarşı keçirəcəkləri matçdan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan təcrübəli futbolçu klub televiziyasına açıqlamasında özünün hazırkı durumundan və komandanın vəziyyətindən danışıb:

“Zədədən sonra artıq kollektivlə bərabərəm. Son oyunda da meydana start heyətində çıxmışdım. Təbii ki, son oyunlarda yaxşı oynamağımız sevindirici haldır. Üstəlik, kompakt futbol oynayırıq. Ardıcıl qələbələr gəlir. Düzəltməli olduğumuz detalları da yoluna qoyuruq. Qələbələr gəldikcə, səhvləri daha rahat aradan qaldırmaq olur”.

31 yaşlı futbolçu “Qarabağ”a qarşı keçirəcəkləri oyun haqqında isə bunları söyləyib: “Qarabağ” güclü və çətin rəqiblərdəndir. Əlbəttə, çətin oyun olacaq. Nə etmək lazımdırsa, onu edəcəyik. “Qarabağ”la görüşdə qələbə qazanmağa çalışacağıq”.

Xatırladaq ki, sabah – dekabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan derbisinə saat 20:00-da start veriləcək. Hazırda lider olan “Qarabağ”ın 35 xalı var. Qeyri-sabit çıxışı ilə diqqət çəkən “Neftçi” isə 25 xalla 5-ci sırada qərarlaşıb.

Eddi İsrafilov 2022-ci ilin yanvarından “Neftçi”də oynayır. Təcrübəli yarımmüdafiəçi paytaxt klubunda 52 oyuna 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. İsrafilov karyerası ərzində “Albasete”, “Real Mursiya”, “Alkorkon”, “Kadis”, “Kordoba”, “Ximnastik”, “Eybar” və “Qranada” kimi klubların da formasını geyinib.

İspaniyada dünyaya göz açmış İsrafilov 2015-ci ilin mart ayından formasını geyindiyi Azərbaycan millisində 23 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: