21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Edqar Adilxanov bu gün Almaniyanın Münhen şəhərində əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə yığma komandamızın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 20 yaşlı yarımmüdafiəçi “Viszera Munich” klinikasında professor, doktor Riçard Merkle tərəfindən ikitərəfli qasıq yırtığı səbəbindən uğurlu əməliyyat keçirib.
Xəbərdə o da qeyd edilir ki, futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.
Xatırladaq ki, Edqar Adilxanov həmçinin “Şamaxı”nın heyətində çıxış edir. 20 yaşlı futbolçu cari mövsümdə bu komandanın heyətində 3 oyuna çıxıb, 1 qola imza atıb.
Adilxanovun “Şamaxı” karyerası bütövlükdə 34 oyun, 4 qol və 3 məhsuldar ötürmədən ibarətdir.
Daha öncə U-19 yığmamızda da forma geyinmiş Edar bu ildən Azərbaycanın U-21 millisinə dəvət alır.


