Tanınmış idman teleşərhçisi Elnur Məmmədli düz iki ildir fəaliyyət göstərdiyi AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılıb.
Arena.az xəbər verir ki, onunla başa çatmış müqavilənin müddəti uzadılmayıb.
Bu gündən onu bu vəzifədə jurnalist Murad Axundov əvəz edib.
Elnur Məmmədli özü də AFFA-da ayrıldığını təsdiq edib. O, sosial şəbəkə hesabındakı paylaşımında bunları yazıb:
“Düz iki il əvvəl, bu gün – AFFA-nın qarışıq dövründə Mətbuat Xidmətinin rəhbəri olmağa razılıq verərkən, hansı riskə getdiyimi yaxşı bilirdim. Lakin düşünürdüm ki, addım-addım AFFA ilə mətbuat arasında o qədər də yaxşı olmayan münasibətləri yoluna qoymaq olar.
Bir tərəfdən də anlayırdım ki, bunun üçün reputasiyamdan, nüfuzumdan xərcləməli olacağam. Ancaq həmin dövrdə hər şeyin dəyişəcəyinə, yaxşı olacağına bir inam var idi… Bu, elə bir dövr idi ki, Premyer Liqada idman prinsiplərinə əməl olunmağa başlanmışdı, İkinci Liqa yaradılmışdı, hətta kuluarlarda milli komandanın baş məşqçisinin yerli ola biləcəyi ilə bağlı söhbətlər dolaşırdı. Həqiqətən də həmin vaxt əksər insanlarda bir inam yaranmışdı…
Əgər az da olsa, AFFA ilə mətbuat arasında münasibətlərin yaxşılaşmasında bir payım oldusa, türklər demişkən – nə mutlu mənə. Bütün həmkarlarıma təşəkkür etmək istəyirəm. Məncə, ən kritik dönəmlərdə belə bir-birimizi başa düşdük. Əsas odur ki, bundan sonra da bir-birimizin üzünə dik baxa biləcəyik. Həyat davam edir. Şübhəsiz ki, hər şey daha yaxşı olacaq. Yenidən görüşəcəyik”.


