Hazırda Birinci Liqada klubu “İrəvan”da çıxış edən Elşən Abdullayev sabiq komandası “Sabah” barədə apellyasiya şikayəti verib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Abdullayevin keçmiş klubu ilə bağlı apellyasiya şikayəti təmin olunmayıb. Belə ki, Apellyasiya Arbitraj Tribunalı “ödənilməyən xidmət haqqı” tələbinə dair iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən qərarı qüvvədə saxlayıb. Müraciət üçün Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinin 9.1-ci bəndində göstərilən müddət keçdiyinə, müddətin ötürülməsi üzrlü hesab edilmədiyinə, bununla da şikayət vermə qaydaları pozulduğuna görə, apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunub.
Qərarın tam mətni 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək. Futbolçunun bu qərardan İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququ var.
Oyunçuların Statusu və Transferi Komitəsi 7 avqust 2023-cü il tarixində Elşən Abdullayevin şikayətinə baxılmaması qərarını vermişdi. Buna səbəb futbolçunun şikayəti təyin edilən vaxtdan gec verməsi olmuşdu.
Qeyd edək ki, Elşən Abdullayev 2018-2021-ci illərdə “Sabah”ın formasını geyinib.
Apellyasiya Arbitraj Tribunalı “Xocalı” klubu tərəfindən verilən apellyasiya şikayətini isə qismən təmin edib. 03.12.2023-cü il tarixdə U-13 Liqası çərçivəsində keçirilən “Azart” – “Xocalı” oyununun 45-ci dəqiqəsində “Xocalı” komandasının baş məşqçisi İlkin Hacıyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimin və AFFA-nın ünvanına təhqiredici ifadələr işlətdiyinə görə onun 5 oyun cəzalanması (maddə 43.4) barədə İntizam Komitəsinin 6 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilib. Baş məşqçi İlkin Hacıyevə təyin olunan cəzanın bir hissəsi icra edilərək sonuncunun müvafiq liqada 1 oyun buraxması, digər 4 oyunluq cəzasının isə ödənilməmiş qalması nəzərə alınaraq, İntizam Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən ödənilməmiş 4 oyun cəzası şərti tətbiq edilib.
Şərti cəzanın tətbiqi üçün 3 ay sınaq müddəti təyin edilib. Sınaq müddətinin başlanğıcı ilkin cəzanın çəkildiyi 10 dekabr 2023-cü il tarixdən etibarən müəyyən edilib. İntizam Komitəsinin qərarı qalan hissədə qüvvədə saxlanılıb. Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.


