Elvis Maşike rəsmən “Araz-Naxçıvan”da!

Konqo Demokratik Respublikasından olan hücumçu Elvis Maşike bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqamızın debütantı rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bu gün Bakıya gələn konqolu mərkəz hücumçusu tibbi müayinələrdən uğurla keçib və yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Elvis Maşike son olaraq Maltanın “Hamrun Spartans” klubunda forma geyinib. O, 2022-ci ilin iyulunda müqavilə bağladığı bu klubdan bu yay azad agent kimi ayrılmışdı. 29 yaşlı hücumçu Malta təmsilçisində 37 oyun keçirib, 21 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Maşike karyerası ərzində “Viktoriya” (Jijkov), “Dinamo” (Çeske Budeyoviçe), “Slovan” (Liberets), “Senitsa”, “Sered”, “Slavoy Vişeqrad”, “Zlate Moravçe”, “Banik Ruzina” və “Jilina” kimi klublarda da forma geyinib.

Xatırladaq ki, “Araz Naxçıvan” daha öncə Nuno Rodriqes, Vanderson Kavalkante Melo, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Məhəmməd Kadiri və İsmail Azzaui kimi legionerləri də heyətinə qatmışdı.

Yerli futbolçulardan isə Turan Manafov, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev və Zamiq Əliyev Naxçıvan təmsilçisinə keçib. Abdulla Rzayev də “Sabah”dan icarəyə götürülüb.

Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayev də klubla yeni müqavilə bağlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: