Rusiyada beynəlxalq turnirdə çıxış edən “Neftçi”də Aqil Məmmədovdan sonra digər qapıçı Emil Balayev də sıradan çıxıb.
Arena.az xəbər verir ki, o, “Matç TV” kuboku çərçivəsində baş tutan Serbiyanın “Srvena Zvezda” komandası ilə görüşdə ağır xəsarət alıb.
Fasilədən dərhal sonra, 46-cı dəqiqədə İvan Brkiçin əvəzində meydana çıxan Emil 90-cı dəqiqədə özü də əvəzlənmək məcburiyyətində qalıb. Həkimlərin ilkin müdaxiləsindən sonra onun oyunu davam etdirə bilməyəcəyi müəyyənləşib. Qapıçı meydanı xərəkdə tərk edib. Nəticədə məşqçilər korpusu əlavə olunmuş dəqiqələrdə Rza Cəfərovu meydana buraxıblar.
Matçdan sonra komandanın məşqçisi İqor Getman “Matç TV”-yə açıqlamasında qapıçının durumu ilə bağlı bunları söyləyib: “Təəssüf ki, ikinci dəfədir oxşar aqibətlə üzləşirik. Ötən oyunda da digər qapıçımız zədələnmişdi. Emilin nə qədər müddətə sıradan çıxdığı MRT-dən sonra bilinəcək”.
Xatırladaq ki, “Neftçi” “Srvena Zvezda”ya 0:4 hesabıyla uduzub. Paytaxt təmsilçisinin “Zenit”ə qarşı keçirdiyi ilk oyunda da (1:3) Aqil Məmmədov oxşar aqibətlə üzləşmişdi. O da ikinci hissədə meydana çıxmış və matçın sonunda ağır xəsarət aldığı üçün meydanı xərəkdə tərk etmiş, hətta təcili xəstəxanaya aparılmışdı. Artıq o, komandanın düşərgəsini tərk edərək Bakıya qayıdıb.
“Neftçi”nin yetirməsi olan Emil Balayev paytaxt klubuna elə bu yay qayıtmışdı. Onunla ötən ayın 28-də 2 illik müqavilə imzalandığı açıqlanmışdı.
“Neftçi” “Matç TV” kubokundakı sonuncu matçını ayın 15-də Türkiyənin “Fənərbaxça” komandasına qarşı keçirəcək. “Smena” stadionunda baş tutcaq oyuna saat 15:00-da start veriləcək.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu da keçirəcək. Bu matç iyulun 18-də Bakı vaxtı ilə saat 21:00-da “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.


