Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Emil Balayev son mövsümdə formasını geyindiyi “Səbail”dən rəsmən ayrılıb.
Arena.az xəbər verir ki, paytaxt klubu bu gün vidalaşdığı növbəti futbolçunun adını açıqlayıb.
Xəbərdə bildirilir ki, klub rəhbərliyi qapıçı Emil Balayevlə yolları ayırmaq barədə qərar qəbul edib. Oyunçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Emilə xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, millimizin üzvü Bakı təmsilçisi ilə maliyyə məsələsində anlaşa bilmədiyi üçün klubu tərk edib. 29 yaşlı qapıçı azad agent kimi xidmətində maraqlı olan istənilən kluba keçə bilər.
Hazırda o, Premyer Liqanın daha iddialı iki iştirakçısı ilə danışıq aparır. Bunlardan biri “Neftçi”, digəri “Zirə”dir.
Emil Balayev 2022-ci ilin iyul ayında Qazaxıstanın “Turan” klubundan ayrılaraq “Səbail”lə 1 illik müqavilə bağlamışdı. Qolkiper 2017-2018-ci illərdə də “Səbail”də oynayıb. O, paytaxt təmsilçisində bütövlükdə 76 oyuna çıxıb, 111 qol buraxıb. Təcrübəli qolkiperin 19 “quru” oyunu da var.
Balayev daha öncə Azərbaycanda “Qarabağ” (19 oyun, 12 buraxılmış qol, 10 “quru” oyun), “Neftçi” (11 oyun, 12 buraxılmış qol, 4 “quru” oyun), “Zirə” (1 oyun, 1 qol) və “Sumqayıt” klublarında da forma geyinib. O, Qazaxıstanın “Tobol” (36 oyun, 26 buraxılmış qol, 21 məhsuldar ötürmə) və “Turan” (1 oyun, 2 buraxılmış qol) klublarında legioner həyatı da yaşayıb.
Emil Azərbaycan milli komandasında isə indiyə qədər 14 oyun keçirib.
“Səbail” daha öncə Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov, Nihad Qurbanlı, Turan Manafov və Maksim Çexlə də yollarını ayırdığını açıqlamışdı. Klub hələlik yalnız Vüqar Həsənovla yeni müqavilə bağlayıb, həmçinin digər klublardan ayrılan Yusif Nəbiyev, Süleyman Əhmədov və Rüfət Abdullazadə “dənizçilər”in düşərgəsinə cəlb olunub.


