Almaniyanın “Leypsiq” klubunun isveçli hücumameylli yarımmüdafiəçisi Emil Forsberq Bundesliqa klubundan ayrılıb.
Arena.az xəbər verir ki, o, bundan sonra karyrerasını Amerika Birləşmiş Ştatlarında davam etdirəcək.
Belə ki, MLS təmsilçisi “Nyu-York Red Bullz” Forsberqi komandanın yeni oyunçusu kimi rəsmən təqdim edib. Komandanın baş məşqçisi Sandro Şvarts bu barədə fikirlərini də açıqlayıb:
“Emilin Avropadakı təcrübəsi paltardəyişmə otağımız üçün çox dəyərli olacaq və biz onu klubda qarşılamağı səbirsizliklə gözləyirik. O, bu mövsüm yarımmüdafiəmizə böyük fayda gətirəcək əla hücumameyilli yarımmüdafiəçidir”, deyə Şvarts bildirib.
Məbləği hələ açıqlanmamış transfer 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minəcək. Müqavilə 3 il müddətinə bağlanıb və 1 il müdədtinə uzadılması haqda müvafiq maddəni ehtiva edir. Forsberq yeni klubuna yanvarda qoşulacaq.
Emil Forsberq “Sundsvall” klubunun yetirməsidir. Buradan “Malmö”yə, oradan isə “Leypsiq”ə keçərək püxtələşib.
Cari mövsümdə Forsberq “Leypsiq”in heyətində 22 oyuna 4 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
Forsberq “Leypsiq”lə Almaniya Kubokunun (2021/2022, 2022/2023), Almaniya Super Kubokunun (2023/2024) qalibi olub.
Emil Forsberq 2014-cü ilin yanvarında debüt etdiyi İsveç yığmasının heyətində 86 oyuna çıxıb, 21 qol vurub, 9 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı Emil Forsberqi 6 milyon avro məbləğində qiymətləndirir.


