Emil Səfərov əməliyyat olundu

Futbol üzrə Azərbaycan millisinin və “Neftçi”nin çiynindən zədə almış yarımmüdafiəçisi Emil Səfərov əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçuda bazu oynağının təkrari çıxığı baş verib. Nəticədə o, İstanbulda artroskopik əməliyyat olunub.

Əməliyyatı uğurla başa çatan Səfərovun iki gün sonra Bakıya qayıtması nəzərdə tutulub. Futbolçunun müalicə və bərpa prosesinə, təxminən üç aydan sonra isə məşqlərə start verəcəyi bildirilib.

Xatırladaq ki, Emil Səfərov Azərbaycan Premyer Liqasının 29-cu turunda, aprelin 7-də Şamaxı şəhər stadionunda keçirilmiş “Şamaxı” ilə matçda zədələnmişdi.

“Qəbələ”nin yetirməsi olan Səfərov cari mövsümün əvvəlindən “Neftçi”nin uğurları üçün çalışır. 22 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 25 oyunda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: