Emin Kürdov: “Futzalımız yeni eranın başlanğıcındadır”

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov Bakıda təşkil olunmuş təlim-məşq toplanışını dəyərləndirib.

Arena.az xəbər verir ki, aprelin 8-dən Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin bu gün KİV üçün açıq məşqi keçirilib.

Məşqdən əvvəl Emin Kürdov jurnalistlərin suallarını cavablandırıb:

“Aprelin 8-dən hazırlığa başlamışıq. Toplanışa cəlb olunan futzalçıların əksəriyyəti gənclərdir. Futzalımız yeni eranın başlanğıcındadır. Heyətdə debüt edənlər var. Həmin futzalçıların oyun praktikası az olsa da, hər biri gələcək vəd edir. Təlim-məşq toplanışının əsas məqsədi oyunçularımızın fiziki və taktiki durumunu yaxşılaşdırmaqdır”.

40 yaşlı futzalçı millinin Gürcüstanla keçirəcəyi yoxlama oyunu barədə də fikirlərini bölüşüb: “Düşünürəm ki, belə matçlarda nəticə önəmli olmur, əsas təcrübə qazanmaqdır. Bu oyunlardan maksimum yararlanmağa, təcrübəmizi artırmağa çalışacağıq. Qarşıda bizi Avropa çempionatının görüşləri gözləyir. Çalışacağıq ki, həmin matçlara qədər komanda tam gücünü bərpa etsin”.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 14-də və 16-da Tiflis şəhərində Gürcüstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.