Azərbaycan Premyer Liqasında uğursuz bir mövsüm keçirən “Neftçi”nin kapitanı Emin Mahmudov azarkeşlərdən üzr istəyib.
Arena.az xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan futbolçu bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
32 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə uğursuz çıxış edərək mükafatçılar sırasından və avrokuboklardan kənar qaldıqları üçün “Neftçi” azarkeşlərindən üzrxahlıq edib:
“Neçə gündür ki, sizə yazmaq istəyirəm. Ancaq indi özümdə güc və inam tapıb sizə səslənirəm. Bilirəm ki, bu dəqiqə çox üzgünsünüz. Gözləntilərinizi qarşılaya bilmədik. Siz azarkeşlərin istədiklərini verə bilmədik. Bilməyinizi istəyirəm ki, tək son oyuna görə yox, ümumi mövsümə görə çox utanıram. Sizlər bu nəticəyə layiq deyilsiniz. “Neftçi” ailəsinin kapitanı olaraq sizə bunları yaşatdığımıza görə üzr istəyirəm!”, – deyə Mahmudov bildirib.
Emin artıq geridə qalmış 2023/2024 mövsümündə 38 oyuna çıxıb. O, bu oyunlarda 6 qol və 7 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Emin Mahmudov 2017-ci ilin sentyabrında müqavilə imzaladığı paytaxt klubunun heyətində indiyə qədər bütövlükdə 229 oyun keçirib. O, bu oyunlarda 56 qol vurub, 57 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli oyunçu 2020/2021 mövsümündə indiki klubu ilə Azərbaycan çempionu olub.
Mahmudov daha öncə Rusiyada “Saturn”, “Spartak” (Moskva), “Tom” (Tomsk), “Krılya Sovetov”, “Mordoviya”, Portuqaliyada “Boavişta” klublarının formasını geyinib. Yarımmüdafiəçi 2016-cı ildən oynadığı Azərbaycan milli komandasında da 47 oyuna 13 qol vurub, 2 assistlə yadda qalıb.


