Emin Mahmudov “Neftçi”də qaldı – Rəsmi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov kapitanı olduğu “Neftçi” ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

31 yaşlı futbolçu ilə 2+1 il şərtli anlaşma imzalanıb. 2017-ci ilin sentyabrında “Neftçi”yə transfer olunmuş yarımmüdafiəçinin əvvəlki müqaviləsinin müddəti 2022/2023 mövsümünün sonunda başa çatmışdı.

Emin Mahmudov geridə qalan 6 mövsüm ərzində “ağ-qaralar”ın heyətində 191 oyun keçirib. O, bu oyunlarda 50 qol vurub, eyni sayda da məhsuldar ötürmə müəllifi olub. Təcrübəli oyunçu 2020/2021 mövsümündə indiki klubu ilə Azərbaycan çempionu olub.

Mahmudov daha öncə Rusiyada “Saturn”, “Spartak” (Moskva), “Tom” (Tomsk), “Krılya Sovetov”, “Mordoviya”, Portuqaliyada “Boavişta” klublarının formasını geyinib. Yarımmüdafiəçi 2016-cı ildən oynadığı Azərbaycan milli komandasında da 40 oyuna 10 qol vurub.

Xatırladaq ki, “Neftçi” Mahmudovdan əvvəl qapıçı İvan Brkiçlə də müqavilənin müddətini uzatmışdı. Paytaxt klubu milli komandamızın üzvləri – yetirməsi olan qolkiper Emil Balayev və xorvat əsilli yarımmüdafiəçi Filip Ozobiçi də transfer edib. “Turan Tovuz”da icarədə olan Turan Vəlizadə də geri qayıdıb. Sezar Meza Kolli, Vato Arveladze və Mert Çelik isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: