Emmanuel Addai “Qarabağ”da – Rəsmi

İspaniyanın “Alkorkon” klubunun hücumameylli yarımmüdafiəçi Emmanuel Addai bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, bir müddətdir İspaniyanın “Alkorkon” klubu ilə aparılan danışıqlar müsbət nəticələnib. “Qarabağ”la 23 yaşlı qanalı futbolçu arasında 2 illik müqavilə imzalanıb.

Emmanuel Addai 2022-ci ilin iyul ayından İspaniya təmsilçisi “Alkorkon”un formasını geyinirdi. Sağ vinger mövqeyində çıxış edən futbolçu sözügedən klubun əsas komandasının heyətində 54 oyuna çıxıb, 6 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Emmanuel “Alkorkon”dan öncə Fransada “Bobiqni” klubunda (2021-2022) da çıxış edib.

Xatırladaq ki, “Qarabağ” Emmanuel Addaidən öncə Fabiyan Buntiç (“Vizela”, Portuqaliya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Şahruddin Məhəmmədəliyev (“Adana Dəmirspor”, Türkiyə) və Mateuş Koxalskini (“Stal”, Polşa) də heyətinə qatmışdı.

Bəhlul Mustafazadə, Nəriman Axundzadə, Riçard Almeyda və Abdullah Zubir isə Ağdam klubu ilə yeni müqaviləyə imza atıblar.

Adama Diakabi, Maksim Medvedev, Andrey Lunyov, Nihad Quliyev, Rüstəm Əhmədzadə, İsmayıl İbrahimli və Luka Quqeşaşvili də bu komandanı tərk ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: