Emmanuel Adday – ÇL-də həftənin ən gözəl qolunun müəllifi!

“Qarabağ”ın futbolçusu Emmanuel Adday UEFA Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı qolunun müəllifi seçilib.

Arena.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytı məlumat yayıb.

24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qalib gəldikləri ÇL-in Liqa mərhələsinin 2-ci turunun matçında fərqlənib. Forvard “köhlən atlar”ın ikinci qoluna imza atıb.

Addaydan başqa, İngiltərənin “Mançester Siti” klubundan Erlinq Haland, “Monako”dan Cordan Teze, Niderland təmsilçisi PSV-dən İsmael Saibari də həftənin ən yaxşı qolunun müəllifi adına namizəd idi. Lakin yekunda “Qarabağ”ın futbolçusunun qolu azarkeşlərin daha çox xoşuna gəlib.

Xatırladaq ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşdığı “Kopenhagen”i 2 cavabsız qolla üstələyib. Emmanuel Adday bu oyunun 70-ci dəqiqəsində meydana buraxılıb, 83-cü dəqiqədə isə matçın yekun nəticəsini müəyyənləşdirmiş qola imza atıb.

Yeri gəlmişkən, Adday UEFA Çempionlar Liqasının cari mövsümündə bir ilkə də imza atıb. O, 2025/2026-cı illər mövsümündə Çempionlar Liqasında qol vuran ilk qanalı futbolçu olub. Afrika ölkəsinin buna qədər turnirdə fərqlənən sonuncu oyunçusu Məhəmməd Salisu olmuşdu. O, düz bir il əvvəl – 2024-cü ilin oktyabrında “Monako”nun heyətində Zaqreb “Dinamo”su ilə görüşdə adını tabloya yazdırmışdı.

Cari mövsümdə klubların heyətində Çempionlar Liqasında ümumilikdə 7 qanalı futbolçu çıxış edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: