Emmanuel Peti: “Frenki de Yonq “Barselona”ya uyğun deyil”

“Barselona”nın sabiq yarımmüdafiəçisi Emmanuel Peti niderlandlı futbolçu Frenki de Yonqun Kataloniya klubundakı gələcəyindən danışıb.

Arena.az Petinin bu barədə fikirlərini təqdim edir:

“De Yonq klubu tərk etməlidir. Dörd-beş ildir ki, oradadır və heç bir xeyri yoxdur. O, yaxşı futbolçudur, amma “Barselona”ya uyğun deyil. O, getsə və açığı İngiltərəyə getsə, daha yaxşı olar”, deyə Emmanuel Peti bildirib.

Niderlandın “Ayaks” klubunun futbol akademiyasının yetirməsi olan Frenki De Yonq 2019-cu ilin yayından “Barselona”da çıxış edir. O, 2023/2024 mövsümündə Kataloniya təmsilçisinin heyətində 30 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 2 qol vurub. Bir müddət əvvəl ciddi zədə almış futbolçu uzun müddətə sıradan çıxıb. Onun ən yaxşı halda qarşıdakı Avropa çempionatının startına kimi sıraya dönməsi gözlənilir.

Qeyd edək ki, futbolçunun “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.

Frenki De Yonqun “Barselona” karyerası bütövlükdə 213 oyun, 17 qol və 21 məhsuldar ötürmədən ibarətdir. O, daha öncə “Ayaks”dan başqa “Villem II” komandasının da formasını geyinib.

Frenki De Yonq 2018-ci ilin sentyabr ayında debüt etdiyi Niderland milli komandasının heyətində 54 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı De Yonqu 70 milyon avro məbləğində qiymətləndirir.