Enis Destan millimizə vurduğu qoldan danışdı: “Çox önəmli idi”

21 yaşadək futbolçulardan ibarət Türkiyə yığmasının üzvü Enis Destan Azərbaycan millisinə qarşı keçirdikləri sınaq matçını şərh edib.

Arena.az xəbər verir ki, ötən gün İstanbuldakı “Esenyurt Necmi Kadıoğlu” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qolun müəllifi olan Enis Destan matçdan sonra ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Əvvəlcə qardaş komandaya təşəkkür edirəm. Bizi qırmadılar, yoldaşlıq oyunu keçirdilər. Onlara da uğurlar arzulayıram. Gözəl oyun oldu. Meydanda təzyiqə və pressinqə üstünlük verən bir komanda vardı. Bunu davam etdirmək istəyirik, amma topla oyunda bir az daha yaradıcı olmalıyıq. Məşqlərdə bunların üzərində çalışıb, növbəti matçlara daha yaxşı şəkildə çıxacağıq”.

Uzun fasilədən sonra qol vurmağın onu motivasiya etdiyini deyən Enis Destan, bunları əlavə edib: “Bu, mənim üçün çox önəmli idi. Uzun fasilədən sonra ilk qolumu vurdum. Bu, məni motivasiya etdi. Məncə, bu, performansımı artırdı. Qarşıdakı matçlarda da qol vurub komandamı yaxşı yerlərə aparmağa çalışacağam.

Komandamızda ailə mühiti var. Hamı bir-birini sevir. Bizdə yaxşı ab-hava var. Bunu davam etdirsək, Avropa çempionatının seçmə mərhələsində sizə yaxşı komanda göstərəcəyik”.

“Trabzonspor”a məxsus olan 21 yaşlı hücumçu Bosniya və Herseqovinaya qarşı keçirəcəkləri növbəti sınaq matçından da söz açıb: “Azərbaycanla oyunu analiz edib, qarşıdakı matçda daha yaxşı futbol sərgiləməyə çalışacağıq”.

Türkiyə ilə Bosniya və Herseqovinanın U-21 yığmaları arasındakı oyun iyunun 20-də baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: